OLAY “Bodrum masalı”, “Kimse bilmez”, Cennetin gözyaşları”, “Hudutsuz Sevda” kimi layihələrdə rol alan türk aktrisa Zehra Yılmazla həmsöhbət olub.
Atasının işləri ilə bağlı Bakıda böyüyən sənətçi burada keçən günlərindən, mədəniyyətimizdən, aktrisalıq fəaliyyətindən və yeni layihələrindən danışıb.
-Sizə “xoş gəlmisiz” demirik. Çünki buralı sayılırsınız.
-Əlbəttə buralıyam, burada böyümüşəm. Yad yerə gəlmiş kimi hiss etmirəm. Altı yaşımdan 17 yaşıma qədər Bakıda yaşamışam. Orta məktəbi burada bitirmişəm, univeristet üçün Türkiyəyə getmişəm. Sonra İstanbulda yaşamışam, həmişə gəlib-getmişəm. Qan bağım yox, can bağım var. Qohumum yoxdur, ondan daha yaxın ailə dostlarımız, tanışlarımız var. Bakıda xoşbəxt uşaq kimi böyümüşəm. Özümü xarici vətəndaş kimi hiss etməmişəm. Həmişə mənə doğma olublar. Uzun zamandır gəlmirdim, axırıncı dəfə 2019-da gəlmişdim. Sonra pandemiya dövrü düşdü, işlərim oldu. Ona qədər iki-üç aydan bir gəlirdim, ailəmin evi də burada qalıb.
-Hansı ərazidə yaşayırdınız?
-Mərdəkan, Şüvəlan tərəfdə böyümüşəm. Hələ də evimiz buradadır. Təyyarəyə minib gedəndə həmişə kövrəlirəm.
-Əsl bakılıların içində böyümüsüz…
-Əlbəttə bakılıyam, kənd uşağıyam. Əsl bakılı kimi böyümüşəm. Buradakı adət-ənənələr heç yadımdan çıxmır. Uşaqlıq illərim burada keçib. Onsuz eyni millətik, eyni adət-ənənələrdir. Türkiyəyə gedəndə ora, Azərbaycana gələndə bura uyğunlaşıram.
-Bakıdan sonra İstanbulda yaşamaq çətin olmadı?
-Çox çətin oldu, mən ilk dəfə atamın evindən çıxırdım. Heç nə bilmirdim, çox çətin idi. Öyrəşəndən sonra görürsən ki, elə də çətin deyil. Marmara Universitetində Kino və Televiziya oxumuşam, Vahide Gördümün məktəbində aktrisalıq öyrənmişəm. İlk işim “Bodrum masalı” olub. Yeni işlərlərlə maraqlanıram, yaxında yenidən ekranda olacağam. Digital platformalarla da görüşürəm.
-Azərbaycandakı kino-serial sektoru ilə maraqlanırsız?
-Keçən dəfə gördüm ki, burada da seriallar çəkilir. Deyim, hansınasa baxmışam, yox. Çünki burada bu sahənin inkişaf etdiyini bilmirdim. Mən Bakıdan gedəndə çox yox idi. İstəyərəm ki, təklif olsa, burada hansısa layihəyə çəkilim.
-Uşaqlıqda izlədiyiniz hansı filmlərimiz yadınızdadır?
-“O olmasın, bu olsun” yadımdadır. Məktəbdə tamaşasını oynamışdıq. Uşaq vaxtı “Toppuş bacı”nı izləyirdik. Allah rəhmət etsin.
-Derya Uluğ konsertdə “Gəl ey səhər” mahnısını oxudu. Siz də göz yaşlarınızı saxlaya bilmədiniz. O an nələr hiss etdiniz?
-Deryayla Asil Gök çox yaxın dostlarımdır. Konsertdən əvvəl dedilər ki, sənə sürprizimiz var. Dedi ki, bu günə qədər oxumadığım dildə mahnı səsləndirəcəm. Sənin üçün oxuyacağıq. “Gəl ey səhər” səsləndi, musiqini eşidəndə kövrəldim. İndi də danışanda tüklərim biz-biz durur. Ürəyimdə dedim ki, sakit ol, çünki bilirdim ki, ağlayacağam. Derya da mahnıya başlayanda əli ilə mənə işarə verdi. “Gəl ey səhər” mənim üçün mənası olan mahnıdır. Çətin anlarımda da çox qulaq asıram. İndi kövrəlmək istəmirəm. Deryanın konsertindıən 4-5 il əvvəl dinləmişdim. O mahnını oxumaqlarına kövrəldim.
-Başqa kimləri dinləyirdiniz?
-8-9-cu siniflərdə Röyanın göndərməli mahnılarına çox qulaq asırdıq. Aygün Kazımovanı dinləyirdim. Xalq artistlərimizə qulaq asıram. Nuri Sərinləndiriciyə maşında qulaq asdım, çox bəyəndim, dedim təkrar dinləyək. Bura ilə bağlı nəsə eşidəndə deyirəm ki, Zehra, bu bildiyin doğma səsdir.
-Türkiyədə bu sezon başlayan hansı layihələri bəyənirsiniz?
-Ümumiyyətlə işimlə əlaqəli yeni layihə başlayanda izləyirəm. Bu aralar “Kıskanmak”ı izləyirəm, “Kızılcık şerbeti”nə baxıram. “Netflix”dəki işlərimizə mütləq baxıram, çünki dünyaya açılan üzümüzdür.
-Kaş biz də açılaq..
-Olar. Niyə də olmasın? Mən Bakıdan gedəndə seriallar yox idi, indi televiziyaya baxanda görürəm ki, var.
-“Kızılcık Şerbeti” serialında azərbaycanlı obraza yer verildi. Siz bəyəndiniz həmin personajı?
-Türkiyədə Azərbaycanla bağlı nəsə görəndə xoşum gəlir. Düzdür, tam Azərbaycan aksenti ilə danışmırlar. Amma buna da insanlar deyirlər, yaxşı danışmır və sairə. Orada başqa bir ölkə də ola bilərdi, azərbaycanlı obraz seçiblər. Mənim üçün çox xoşdur. Tənqid etməmək lazımdır. “Kızılcık şerbeti” bizim çox tutan işimizdir. Türkiyədə reytinqlidir. Belə bir layihədə Azərbaycanı seçiblər, altında nəsə axtarmamaq lazımdır.
-Bizdə də “44” filmi çəkiləndə türk personaja yer verildi. Özge Gürel canlandırdı. Siz belə bir layihədə rol almaq istərdinizmi?
-Birinci sinifdən 11-ci sinifə qədər Bakıda oxumuşam. Ona görə Qarabağla bağlı bütün məsələləri bilirəm, hamısına hakiməm. Bu, mənim də məsələm olub. Müharibə vaxtı rahat yata bilmirdim, bütün gün xəbərləri izləyirdim. Atam-anam o dövrdə burada yaşayırdı. Mənim üçün də bir məsələ və problem idi. Əlbəttə istəyərəm mən də o bilgilərlə böyümüşəm. Türk milliyyətçiliyim olduğu kimi Azərbaycan milliyyətçilliyim də var. Xocalını, 20 yanvarı hər şeyi bilirəm. Şəhidlər xiyabanına o qədər getmişəm ki... Bu məsələdə məni Türkiyə vətəndaşı kimi yox azərbaycanlı kimi görün. Çünki eyni təhsil həyatını keçmişik, sizin qədər mən də həmin tarixi bilirəm.
Növbəti dəfə Qarabağa getmək istəyirəm. Ora bir vaxt ayıracam. Şuşada Prezident İlham Əliyevin böyük layihələrini eşitmişəm, bilirəm ki, bütün dünyaya açılacaq. O torpaqlarla bağlı çox şey eşitmişəm, bütün tarixə qulaq asmışam. Mənim üçün o torpaqlar maraqlıdır. İşğaldan azad olunan torpaqları görmək istəyirəm.
-Türkiyədə kino sahəsində Ayşe Barım qalmaqalı davam edir. Doğrudan da belə bir monopoliya var?
-Bütün sahələrdə bu var. Hamı istəyir ki, özünə yaxın olanı bir yol tapıb önə çəksin. Bu təkcə aktyorluqla bağlı deyil. Bildiyim qədəri ilə hər sahədə hər şey öz qaydasında getmir. Bankda işləyənlərin başqa problemi var, həkimlərin, memarlaırn başqa poroblemləri var. Bizim sahədə də belə problemlər mövcuddur. Amma təkcə Ayşe Barımla əlaqəli deyil, başdan düz getməyən şeylərdir. Ayşe Barıma gələnə qədər elə problemlər var ki... O mövzudan da çox məlumatım yoxdur. Bu sahədə təkcə Ayşe Barımın aktyorları yoxdur. Sadəcə məsələ onun boynunda qalıb.
-“Uzak Şehir” də iki sezondur viral olan layihədir…
-“Uzak şehir”də heç bir aktyorun əvvəl tutan layihəsi olmayıb. Bildiyim qədəri ilə Sinem Ünsaldan əvvəl başqa aktrisaya təklif olunub. O da deyib ki, mən Mardində işləyə bilmərəm, çətindir. Bu işlər qismətdir. Sinemin qisməti imiş, şans ssenari və tutma işidir. Reytinq sisteminin gətirdiyi işlər var, mən olduğum yerdən məmnunam.
-Siz sektordakı ayrı-seçkiliyi hiss etmisiniz?
-Çətinliklər olub, amma arxamı çevirib getmişəm. Baxmamışam ki, nəsə çətinlik var. Mane də olublar, qulağımla eşidib, görmüşəm. Bizdə bir söz var, deyir, qismətindirsə, el gətirər, yel gətirər, qismətin deyilsə, el aparar, yel aparar. Bu, kiminləsə əlaqəli deyil, qismətimdə varsa, gələcək. Bəlkə indi olmur, başqa vaxt olur.
-Sosial media reklamlarına necə yanaşırsınız?
-Sosial media reklamları çox var, amma çox isti baxa bilmirən. Mən aktrisayam, bu blogerlikdir. Sosial mediada viral olmaq üçün çıxan markalar məni cəlb etmir. Bunu edən insanlar, yəni blogerlər var. Aktrisaların işində reklam ola bilər. Məsələn, televiziya reklamı istəyərəm. Sosial media reklamında süçi. Bilmədiyim bir şeyi təmsil etmək istəmərəm. Sınamadığım nəyisə kiməsə tövsiyə etmək istəmərəm. Doğrudan da bir marka mənimlə çalışmaq istəyirsə, məhsulunu gətirər, deyərələr ki, yoxlayın, sonra rəy verin. Ona görə biz çalışa bilərik. Bunu da heç kim istəmir, istəyirlər ki, pulu ödəsinlər, iki dəqiqəyə reklam olsun. Bu da mənə qəribə gəlir, bu gün bu suyu reklam edim, sabah o biri suyu. Bunun bir davamlılığı yoxdur. Davamlılıq olmalıdır, bir kremi istifadə edib, sizə göstərirəmsə, həyatımda olmalıdır.
-Məsələn, Serenay Sarıkaya bir markayla illərlə çalışır…
-Serenayda ulduz havası var, onun başqa yolu var. Doğrudan da aurası var. O, əsl ulduzdur. “Star”lıq bir yoldur, bunu aldım instaqramda tanıtdım deyil.
-Ödül mərasimlərində mükafat alanlar bəzən tənqis olunur. Siz bu haqda nə düşünürsünüz?
-Həyatımda tənqid məsələlərinə daxil olmamışam. Çünki izləyicidən soruşurlar. Əlbəttə orada bir sistem var. Ayrı-seçkilik varsa da, var. Ödül verildikdən sonra da alanlara “layiq deyilsiniz” demərəm. Niyə də deyim? Çünki verilib artıq. Onsuz da o ödüllərin kimlərə veriləcəyi öncədən bəllidir. Zatən bununla bağlı məlumat gəlir. Namizədlər də bəlli olur. İzləyib mən də bu layihədə olardım demərəm. Deməli, o olmalıymış. Sadəcə deyərəm ki, mən rol alsam, bu obrazı necə yaradaram.
-Türkiyədə komediya janrıda “Prens” serialı viral oldu. Burada da çox izləndi…
-“”Prens”dən Giray Altınoku tanıyıram. MGX yapımın sahibi Müşviq bəyi tanıyıram. Onlarla çalışıram. Girayın kinosunda, “Zoraki misafir”də oynamışam. Müşviq bəyin həyat yoldaşı da türkdü, onunla da tanışıq. Zatən onların hansısa layihəsində oynamaq mənim üçün fəxrdir. Giray məni “Prens”ə çağırmışdı, amma Hatayda serial çəkilişində olduğum üçün gələ bilmədim. Bir-iki bölümlük obraz idi, sonra gələcəkdi.
Bizdə “Kuş uçuşu” var. Qadınların baş rolda olduğu layihələri çox sevirəm. Miray Danerlə “Hudutsuz Sevda”da birgə rol almışıq. Miray çox zərif, incə qızdır, amma obraıznı çox yaxşı oynayıb. “Terzi”də Salih Bademcidən başqa diqqətimi kimsə çəkmədi. Onun aktyorluğunu bəyənirəm. “Atiye”, “Şahmaran” var. Birinci sezonunu bəyəndim, sonra fantastikləşdi, kompüterdə düzəldildiyi bəlli oldu deyə izləmədim.
-Tanınmış şəxsiyyətlərdən kimin filmində rol almaq istəyərdiniz?
-Bunu düşünməmişdim. Türkan Şoray deyə bilərəm. Ya da qadın qəhrəmanlardan, ilk pilotumuz Sabiha Gökçeni canlandırmaq istəyərəm.